wap.azerxeber.com

Xəbərlər>Siyasət>AŞPA-da Azərbaycanla bağlı qalmaqal

23.05.2008 17:19:34

Avropa Şurasının Parisdəki ofisində qurumun Mədəniyyət, Elm və Təhsil komitəsinin yığıncağı keçirilib. Komitənin iyun sessiyası ərəfəsindəki bu son toplantısında Azərbaycanı millət vəkili Rafael Hüseynov təmsil edib.
İclasda mədəniyyət və təhsilin Avropadakı gələcək inkişaf perspektivləri ilə əlaqədar bir sıra məruzələr müzakirə olunub. Böyük Britaniyadan olan deputat Edvard O'Harranın məruzəsi isə bilavasitə Azərbaycanla bağlı bir məsələ ətrafında qurulub. “Cənubi Qafqazda mədəniyyətin vəziyyəti” üzrə əsas məruzəçi E. O'Harra komitə üzvlərinə söyləyib ki, guya AŞPA-nın yaz sessiyasında Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin təmsilçiləri ilə müzakirədən sonra belə razılıq əldə edilib ki, onun regiona planlaşdırılan səfəri Cənubi Qafqazın üç ölkəsinə eyni vaxtda deyil, tək-tək həyata keçirilsin və səfər ilk növbədə Azərbaycandan başlansın, Bakıda və Naxçıvanda ermənilərin iddia etdikləri abidələrin tədqiqi ilə reallaşsın. Britaniyalı deputat əlavə edib ki, bununla bağlı Avropa Şurası katibliyi tərəfindən Bakıya rəsmi məktub da göndərilib. Həmin səfəri iyun sessiyasından bir həftə sonra, iyul ayının əvvəllərində gerçəkləşdırməyi planlaşdırır. Ona görə də komitədən bu barədə qərar qəbul etməyi xahiş edib.
Məruzəçinin məlumatından sonra bir saata qədər gərgin mübahisələr başlayıb. Deputat Rafael Hüseynov bu təklifi qəti etirazla qarşılayıb. R.Hüseynov məruzəçinin haqqında danışdığı guya hansısa "razılaşma"nın olmasını yalan adlandırıb və onu qeyri-obyektivlikdə ittiham edib. "Hətta bu səfəri üç yerə bölərək Gürcüstana, Ermənistana və Azəbaycana müxtəlif vaxtlarda səfəri həyata keçirmək zərurəti ortaya çıxarsa belə, ilkin olaraq bu səfər ən əvvəl Ermənistandan başlanmalı idi. Çunki Ermənistanda azərbaycanlıların tarixən birgə yaşadıqları ərazilərdə mövcud olmuş yüzlərlə qəbristanlıqlar azərbaycanlıların bu yerdə tarixi izlərini silmək məqsədilə məhv edilmiş, X1X əsrin sonlarında XX yüzilliyin əvvəllərində məscidlər şəhəri adlanan İrəvandakı Azərbaycan məscidlərinin biri belə saxlanılmamış, onlarla tarixi abidə, Azərbaycan memarlığının qiymətli inciləri yerlə yeksan edilmişdir.
Digər tərəfdən ölkəmiz işğala məruz qaldığından növbəti mərhələdə bu səfər Dağlıq Qarabağda və işğal altındakı digər rayonlarda həyata keçirilməli idi. Bunu da qeyd etməyi çox önəmli sayırıq ki, Ermənistanın məhz Naxçıvana səfər edilməsi məsələsini daim ortaya atması, guya Naxçıvanda ermənilərə məxsus hansısa orta əsrlərə aid tarixi qəbrlərin olması barədə iddiaları da tam əsassızdır." -deyə Azərbaycanın millət vəkili bildirib.
Ermənistan nümayəndə heyətinin üzvü Raffi Hovanesyan komitədən məruzəçini dəstəkləməyə səsləsə də, ilk səfərin Azərbaycana təşkil edilməsini istəsə də R.Hüseynov bildirib ki, bu səfərin əvvəlcədən qəbul edilmiş formatı mövcuddur. Həmin formata görə Cənubi Qafqazın hər üç ölkəsinə səfər eyni vaxtda ardıcıl olaraq həyata keçirilməlidir və bu, problemin kompleks şəkildə öyrənilməsinə yardım edəcək.
Müzakirələrin bu cür gedişi və millət vəkilimizin qəti mövqe tutması öncədən düşünülmüş məkrli planı pozub. Məsələ ilə bağlı heç bir səsvermə keçirilməyib və qərara alınıb ki, məruzəçinin regiona səfəri məsələsi gələcəkdə davam etdirilsin.

Səhifə başlığı
Siyasət
Xəbərlər
Əsas Səhifə


Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.