
Xəbərlər>Siyasət>İ.Əliyev Ərdoğanla görüşəcəklər

22.05.2008 17:05:09
16 illik fasilədən sonra Naxçıvana səfər edəcək Türkiyənin Baş naziri ilə Azərbaycan Prezidenti İlham Əliyevin burada keçirəcəkləri görüşdə iki qardaş ölkə, xüsusilə də, muxtar respublikanın sosial-iqtisadi inkişafı məsələləri müzakirə ediləcək.
Türkiyə mənbələrindən aldığımız xəbərlərə görə, Naxçıvan iyunun ilk günlərində iki lideri - Azərbaycan Prezidenti cənab İlham Əliyevi və Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanı qarşılamağa hazırlaşır. İyunun 4-də başlayacaq bu görüşdə iki qardaş ölkə, xüsusilə də, uzun illərdən bəri blokada şəraitində yaşayan Naxçıvan MR üçün bir çox əhəmiyyətli məsələlərin gündəmə gətiriləcəyi xəbər verilir. İki liderin görüşlərində uzun müddətdən bəri gündəmdə olan Naxçıvan-İstanbul hava reysinin açılması, təhsil sahəsində əlaqələrin daha da gücləndirilməsi kimi məsələlərin gündəmə gələcəyini söyləyən mənbələr yeni müəssisələrin açılışının və təməlatma tədbirlərinin gerçəkləşəcəyini də bildirirlər. O da xəbər verilir ki, iyunun 2-də Naxçıvanla Türkiyə arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimi 12 saatdan 24 saata keçiriləcək. İki ölkə liderlərinin Naxçıvanın bir çox tarixi məkanlarını, o cümlədən Əshabi-Kəhfi ziyarət edəcəkləri də xəbərlər arasında yer almaqdadır.
Naxçıvanın sosial-iqtisadi inkişafının əsas müzakirə mövzusu olduğunu vurğulayan mənbələr Türkiyə baş nazirinin Muxtar Respublikaya səfəri və iki qardaş ölkə liderlərinin bu torpaqda bir çox sahələr üzrə əməkdaşlıq nümayiş etdirmələrinin ermənilərin ərazi iddialarına tutarlı cavab olduğunu qeyd edirlər.
Xatırladaq ki, Ərdoğan 16 illik fasilədən sonra qardaş ölkənin Naxçıvana gələn ilk baş naziridir və sonuncu dəfə 1992-ci ildə Süleyman Dəmirəl baş nazir sifəti ilə muxtar respublikaya səfər etmişdi.
Hazırda qardaş ölkədə rəsmi səfərdə olan baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyətini Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan qəbul edib. Qardaş ölkələrin hökumət rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə iqtisadiyyat və enerji məsələləri başda olmaqla bir çox məsələlər müzakirə edilib. Baş nazirlə birlikdə onun müavini Abid Şərifov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və xarici işlər nazirinin müavini Xələf Xələfovun daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə Türkiyə tərəfindən dövlət naziri və baş nazirin müavini Nazim Ekren, dövlət naziri Səid Yazıcıoğlu, enerji naziri Hilmi Gülər də iştirak ediblər.
Azərbaycan nümayəndə heyətini qəbul edən Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan iyun ayının 17-sində rəsmi səfərlə Azərbaycana gələcəyini bildirib.
Səhifə başlığı
Siyasət
Xəbərlər
Əsas Səhifə
Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.